Bizdən bir parça- Şor Türkləri

16 NİSAN 17 dakika, 58 saniye 17 dakika, 58 saniye.

Şorlar — Altay xalqları türk qrupunun hunqoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər.

Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerova dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar.

2002-ci ildə Rusiya FR – da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .

İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər).

Antropoloji quruluşlarına görə şorlar böyük monoqolid irqinin ural tipinə aid edilir.

Şorların əksəriyyəti şor dilində danışır.

Sivil günümüzdə tarixin ən çətin dövrlərini yaşayan və dünyanın siyasi səhnəsindən silinərək çıxmaq təhlükəsi altında olan türk xalqlarından biri də başı min bir bəla çəkən Şor türkləridir. Özlərini Şor-kiji (Şor-kişi) və Madar kiji (Madar kişi) adlandıran Şor türkləri Qərbi Sibirin cənub şərqində, əsasən Kemerovo (Kəmər oba, Kəmər) vilayətinin Taştaqol, Novokuznetsk, Mejdureçensk Mıskovsk, Osinnikovsk, həmçinin Xakasiyada, Altay Respublikasında, Krasnoyarsk və Altay ölkəsində yaşayırlar.

Antropoloji cəhətdən Şor türkləri monqoloid irqinin Ural tipinə aid edilirlər. Amma morfoloji və kranieloji əlamətlərinə görə onlar Ural və Cənubi Sibir antropoloji tipləri üçün müəyyən edilən çərçivədən çıxırlar.

Şorlar yaşadıqları ərazi ilə əlaqədar iki yerə (cənub, dağ-tayqa və çöl-səhra- “abinsk”) bölünürlər.

1926-cı ilə kimi Şor türkləri və onların tərkibinə daxil olan soylar ( bintslər, şorlar, kalarslar, karqinlər və başqaları) Madar-kiji adı ilə tanınıblar. 19-cu əsrin sonlarında məşhur türkoloq alim V.V. Radlov bölgədə yayılan və eyni dildə danışan qara tatarları, dəmirçi (kuznetskie) tatarları, mrassları və kondomluları (Maturs adlanan Kondom tatarları ), abaları (abasin) Şor türkləri adı altında birləşdirdi və onları belə də adlandırmağa başladı. Türkoloq alimin Mrass və Kondom tatarlarının da yuxarıda adıçəkilən soylarla eyni kökdən olduğunu söyləməsini nəzərə alaraq, Madar-kijilər də rəsmi şəkildə Şor türkləri adlandırıldılar. Amma günümüzdə Şor türkləri özlərini Madar-kiji və Şor-kiji adlandırmada davam edirlər.

Şor türklərinin tarixi və etnik cəhətdən formalaşması

Şor türklərinin tarixi barədə danışarkən, adətən, onların etnos kimi 6-9-cu əsrlərdə formalaşdığını qeyd edirlər. Bununla belə, bəzi tədqiqatçıların fikrincə, Şor türklərinin etnos kimi formalaşması prosesi Rusiyanın 17-ci əsrdə bölgəni işğal etməsindən və burada Kuznetsk mahalını yaratmasından sonra başa çatıb. Bütün bunlar mübahisəli olsa da, Şor türklərinin əcdadlarının və onlarla eyni kökdən olan soyların adıçəkilən ərazidə eramızdan xeyli əvvəllər yaşadığı barədə tarixçilər arasında həmrəylik mövcuddur. Digər tərəfdən də, Şor türklərinin formalaşmasında türk soylarından ( əsasən uyğur, Yenisey-qırğız) əlavə Samodiy və Uqor tayfaları da iştirak ediblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, rus tarixçiləri, adətən, Altayda və Sibirdə yaşayan türk xalqlarının formalaşmasından yazarkən onların bölgədə yaşayan Ket, Samodiy və Uqor xalqlarını türkləşdirdiyini xüsusi qabardırlar. Bunun arxasında isə daha çox türklərin buraya guya gəlmə olduğu və onların heç də türk olmadığı, türkləşmiş başqa xalqlar olduğu barədə rəy formalaşdırmaq niyyətləri dayanır. Əslində isə türklərin ana yurdlarının Altay və Sibir olduğu və onların eramızdan minlərlə il əvvəl adıçəkilən ərazilərdə yaşadığıni istər bu bölgədəki türkcə toponimlər, istərsə də günümüzə qədər gəlib çıxan maddi-mədəni dəlillər, o cümlədən Çin mənbələri də sübut edir. Qaldı ki, bölgədə yaşayan türk olmayan azsaylı xalqların türklərin etnik tərkibinin formalaşmasında iştirak etməsi və onların assimilyasiyası təbii proseslər nəticəsində baş verib və onların bu prosesdə iştirakı cüzi olub. Türk xalqlarının özləri də vaxtilə bolqarların, rusların (əsasən tatarlar), ukraynalıların, o cümlədən indiki almanların və digər xalqların soyköklərinin formalaşmasında iştirak ediblər.

19-cu əsrin əvvəllərindən başlayaraq, Şor türklərinin bir hissəsi obyektiv və subyektiv səbəblərdən (rusların bölgədə sayının artması nəticəsində onların sıxışdırılması, ənənəvi məşğuliyyət sahələrinin get-gedə azalması) bölgəni tərk edərək Hakas türklərinin arasına köç etdilər və onlarla qaynayıb-qarışdılar. Yenə də qeyd etmək istəyirik ki, Sibirdə və Altaylarda yaşayan və yaxın türk ləhcələrində danışan türk etnoslarının vahid türk milləti adı altında formalaşmasına və ərazidə Sibir və ya Altay adı altında vahid xalq kimi özlərinin varlıqlarını sübut etmələrinə Rusiyanın işğalçılıq və hər bir konkret ərazidə yaşayan türk etnoslarını ayrı-ayrı millət kimi qələmə vermə cəhdləri, onları assimilyasiya və zorla xristianlaşdırma, onların sivil inkişafına hər vasitə ilə mane olma siyasəti xüsusi rol oynadı.

Ona görə də Sibir və Altayda yaşayan türk etnosları tədricən məhv olmağa doğru sürüklənməyə başladı.

Bölgədə sovet hökuməti qurulduqdan sonrakı ilk illərdə Şor türkləri arasında milli bir canlanma hiss olunmağa başladı. Onlar ana dilində təhsilə xüsusi diqqət verməyə başladılar.

Yeni təzyiqlər

20-ci əsrin əvvəllərində Şor türkləri yaşayan cənubdakı ərazi Dağlıq Şoriya adlandırılmağa başlandı. 1926-1939-cu illərdə Taştaqol, Novokuznetsk, Meldureçensk rayonları, həmçinin Mıskovsk, Osinnikovsk şəhərləri və Novokuznetsk şəhər sovetinin bir hissəsi əsasında Dağlıq Şor Milli Muxtar Rayonu yaradıldı. Həmin vaxt Şor türkləri burada kompakt halında yaşayırdılar və əhalinin 70 faizini təşkil edirdilər. Lakin 1939-cı ildə bu milli muxtariyyət müxtəlif bəhanələr altında ləğv edildi və onun yerində yeni inzibati ərazi vahidi təşkil edildi.

Bu da ötən əsrin 40-cı illərindən başlayaraq, şorlar arasında milli özünüdərkin zəifləməsinə gətirib çıxardı. Milli özünüdərkin zəifləməsinə bir səbəb də bölgənin təbii sərvətlərinin, kömür mədənlərinin geniş həcmdə istismarına başlanılması ilə bağlı idi. Xüsusilə, SSRİ-nin kömürə olan ehtiyacının ödənilməsi üçün xüsusi planın həyata keçirilməsi buraya ittifaq respublikalarının hər yerindən axını gücləndirdi. Nəticədə bölgədə, xüsusən Şimali Şoriyada yeni şəhərlər meydana gəldi. Bu da şorların şəhərə müqrasiyasına və onların assimilyasiyasına yeni bir təkan verdi. 1960-cı ildə bölgədə işçi qüvvəsinə olan ehtiyacı yerli əhalinin hesabına ödəmək üçün Kemerovo vilayət rəhbərliyi iyun ayının 20-də “Rentabelli olmadığına görə Dağlıq Şoriyada kolxozların ləğv edilməsi barədə” qərar qəbul etdi. Bu da işsiz qalan Şor türklərinin kömür mədənlərində işləmək üçün şəhərlərə axın etməyə məcbur olmasına və nəticədə milli adət-ənənələrindən daha da uzaq düşərək ruslaşmasına gətirib çıxardı. Buna paralel olaraq, Dağlıq Şoriyada sənayenin inkişaf etdirilməsi nəticəsində şorların sayı sürətlə azaldı. Məsələn, hazırda onlar Taştaqolda əhalinin 5, Mejdureçenskdə 1,5, Miskda 3,4 faiz təşkil edirlər. Şorların 73,5 faizi şəhərlərdə, 26,5 faizi isə kəndlərdə yaşayırlar. Bu amil əhali artımına da öz təsirini göstərib. 1959—cu ildə Şor türklərinin sayı 15274, 1970-ci ildə 16494, 1979-cu ildə 16033, 1989-cu ildə 16652, 2002-ci ildə isə 14 min nəfər olub.

2002-ci ildə keçirilən siyahıyaalma zamanı Rusiya Federasiyası ərazisində 14 min nəfər Şor türkünün yaşadığı məlum olub.

Hazırda Şor türkləri arasında işsizlik geniş yayılıb. Şəhərlərdə iş yerləri yoxdur, şəhər həyatına öyrəşən şorlar kənddə yaşaya və ənənəvi təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmirlər. Bundan əlavə, kəndlərdə işsizlik şorlar üçün bəlaya çevrilib. Şor türkləri arasında işsizliyin artması isə, öz növbəsində, qeyd etdiyimiz kimi, onların iş dalınca şəhərlərə axın etməsinə təkan verərək onların ruslar arasında əriyib yox olması prosesini də sürətləndirib. Bunun qabağını almaq isə heç də asan bir iş deyil. Belə ki, Rusiyanın Şor türklərinə qarşı keçirdiyi siyasətin əsasında da məhz onların assimilyasiyası prosesinin olduqca qısa müddətdə başa çatdırılması dayanır.

Şor türkləri yaşayan ərazilər Sibirin turist-kurort zonası hesab edilir və bölgədə çoxlu sayda istirahət məkanları mövcuddur.

Hər il yay fəslində minlərlə turist Şoriyaya axışır və bu əsrarəngiz qədim türk yurdunda öz istirahətlərini keçirirlər.

Ötən əsrin 80-ci illərində başlanan “yenidənqurma” Şor türkləri arasında milli özünüdərkin yenidən yüksəlməsinə səbəb oldu. 1985-ci ildən başlayaraq, Şor türkləri əcdadları olan Olqudekə həsr olunan milli bayramlarını hər il qeyd edirlər. Həmçinin Şor türkləri yaz, yay bayramlarını təmtəraqla, xüsusi milli mərasimlə keçirirlər. Bəzi qəsəbələrdə milli dildə folklor ansamblları yaradılıb. Onların qarşısına qoyulan əsas vəzifə milli xalq yaradıcılığına, ana dilinə məhəbbəti oyatmaq və onu inkişaf etdirməkdir.

Buna paralel olaraq, milli özünüdərki gücləndirmək məqsədi ilə Şor Xalq Assosiasiyası və Şoriya Cəmiyyəti yaradılıb. Məqsəd milli adət-ənənələri bərpa etmək, keçmişdə olan təsərrüfat fəaliyyətini dirçəltmək, milli muxtariyyətin yenidən əldə edilməsinə nail olmaq, yerli əhalinin sosial problemlərini yüngülləşdirmək və onları həll etməkdir.

Dil, təhsil.

Şor türklərinin böyük əksəriyyəti, təxminən 40 faizi Şor dilində danışır. Şor dili türk dillərinin uyğur-oğuz qrupuna aiddir. İki əsas dialektdə (Mrassa və Kondom) və bir neçə şivədə danışırlar. Mrassa dialekti əsasən Xakas, Kondom dialekti isə Şimali Altayda yaşayan xalqların dilləri ilə çox yaxındır. Şor dili üçün uzun saitlər (saitlər qoşa-qoşa yazılır) və kar samitlər, şəkilçilərin çoxvariantlığı səciyyəvi xüsusiyyətlərdəndir. Yeri gəlmişkən xatırladaq ki,

Şor türklərinin dilində ilk kitab 1883-cü ildə kirill əlifbası əsasında nəşr edilib. Amma bundan iki il sonra, 1885-ci ildə Şor türklərinin dilində ilk əlifba (kirill hərfləri ilə) nəşr edilib.

1920-ci ildən başlayaraq, Şor türkləri arasında milli özünüdərk gücləndi. Həmin dövrdə ədəbi dil Mpassa dialekti əsasında formalaşdı. 1929-cu ildən başlayaraq isə Şor türkləri latın hərfləri əsasında öz əlifbalarını yaratdılar. 1936-cı ildə bölgədəki 100 ibtidai məktəbdən 33-ü Şor türklərinin dilində idi. Həmin dövrdə 14 orta məktəbdən isə yalnız 2-si milli dildə idi.1939-cu ildə bölgədə olan 209 məktəbdən yalnız 41-i ana dilində idi.

Yeri gəlmişkən, qeyd edək ki, 1938-ci ildə Stalinin türk xalqlarını parçalama siyasəti nəticəsində Şor türkləri də yenidən kirill əlifbasından istifadə etməyə başladılar. Bununla belə, Şor türklərinin dilinə və folkloruna o dövrdə maraq çox böyük idi. Ötən əsrin 30-cu illərində Şor folklorunun öyrənilməsi və tədqiqatı ilə bağlı bəzi işlər aparıldı. Bunun da nəticəsində

1940-cı ildə “Şor folkloru” (“Şorskoqo folklora”) kitabı nəşr edildi. 1941-ci ildə dilçi alim N. P. Direnkov tərəfindən yazılan “Şor dilinin qrammatikası” kitabı çapdan çıxdı. Həmin vaxt bölgədə milli dildə təhsil verən pedaqoji məktəb də fəaliyyət göstərirdi. Ancaq Dağlıq Şor Milli Muxtar Rayonu ləğv edildikdən sonra pedaqoji texnikum bağlandı və buna paralel olaraq, ana dilində çıxan qəzetin nəşri dayandırıldı. Bu da, öz növbəsində, Şor milli dilinin inkişafına güclü zərbə vurdu.

50-90-cı illərdə də analoji proses davam etdi və Şor dili, bu xalq, sözün əsl mənasında, unuduldu. 1985-86-cı illərdə başladılan yenidənqurma ucqarlarda milli azlıqlara diqqətin yenidən artmasına gətirib çıxardı. Bunun da nəticəsində milli azlıqların ana dillərində təhsil ala bilmələri üçün ibtidai siniflər (həmçinin 3-5-ci siniflər) üçün dərsliklər nəşr edilib. Milli azlıqlara diqqətin artması Şor türklərindən də yan keçmədi. Belə ki, həmin dövrdə şor-rus və rus-şor dillərində lüğətlər hazırlandı, ədəbi əsərlər yazıldı. 1989-cu ildə Novokuznetsk Pedaqoji İnstitutunda Şor dili və ədəbiyyatı fakültəsi açılıb. Təəssüflər olsun ki, valideynlər uşaqlarına ana dillərini öyrətməyə maraq göstərmirlər. Bu da ana dilini bilən şorların sayının sürətlə azalması ilə müşayiət olunur. 1989-cu ildə ana dillərində cəmisi 998 nəfər (bütün əhalinin 6 faizi) danışırdı. Həmin dövrdə Şor türklərinin 42 faizi rus dilini ana dili hesab etdiklərini bildirmişdi. 52,7 faiz isə rus dilini mükəmməl bildiklərini söyləyiblər. Ümumiyyətlə götürdükdə, Şor türklərinin 95 faizi rus dilini ikinci ana dili hesab edir. Kemerovo vilayətində yaşayan Şor türklərinin isə cəmisi 0,4 faizi ana dilində danışır.

Təsərrüfat

Digər bölgə xalqları kimi, Şor türkləri də qədimlərdən ovçuluqla, balıqçılıqla və köçəri heyvandarlıqla məşğul olurdular. Ovçuluq və balıqçılıq dağ-tayqa şəraitində yaşayan cənub şorları, köçəri heyvandarlıq isə meşə-çöl mühitində yaşayan şorlular arasında geniş yayılmışdı. Bundan əlavə, həm dağ-tayqa, həm də meşə-çöl şəraitində yaşayan şorlar bölgədə yaşayan digər türk soyları ilə müqayisədə metal əritməkdə ad çıxarmışdılar. Ona görə də 17-ci əsrdə ruslar bölgəni işğal edərkən onları dəmirçi tatarlar ( kuznetskie tatarı) adlandırmışdılar. Şor türkləri əsrlər boyu dağətəyi ərazilərdə, belə demək mümkünsə, primitiv, əsasən toxa əkinçiliyi ilə məşğul olmuş və arpa əkib-becərməklə çörəyə olan ehtiyaclarını qismən təmin etmişlər. 18-ci əsrdən başlayaraq isə Şor türkləri buğda əkməyə də başladılar. Bundan əlavə, həmin dövrdən başlayaraq onlar arasında iribuynuzlu mal-qara saxlama ənənəsi yayıldı.

Şorların milli geyimləri də köynəkdən, xalatdan və şalvardan ibarət idi. Qışda onlar üst-üstə bir neçə xalat geyinirdilər. Ayaqlarına dəridən hazırlanan uzunboğaz çəkmələr geyirdilər. Qadınlar başlarına yaylıq örtür, kişilər isə şapka qoyurdular.

Şorların gündəlik həyatında vəhşi heyvanların ətindən hazırlanan müxtəlif yeməklər uzun müddət üstünlük təşkil edib. Sonralar onlar arasında arpa və buğda unundan hazırlanan xəmir xörəkləri geniş şəkildə yayıldı. Çöl-səhra şəraitində yaşayan Şor türkləri isə süd məhsullarından daha çox istifadə edirdilər.

Şor türklərinin yaşadıqları məskənlər şimalda ulus, cənubda isə ail (aul) adlanırdı və onlar, adətən, bir o qədər də böyük olmurdular. Şorların evləri kiçik, 4 künclü olurdu və damı tozağacından hazırlanan tikinti materialları ilə örtülürdü. Otaqlar gildən hazırlanan dairəvi ocaqlarla isidilirdi. Yay və qış evləri fərqli inşa edilirdi. Bu evlərin hamısında mətbəx üçün yer olurdu.

Din

Şor türkləri tarix boyu şamanizmə sitayiş ediblər. Onlar da dağların, çayların, çöllərin, ağacların ruhlarının olmasına inanırlar. Şorlarda ən böyük Allah Ulgen və Erlik hesab edilirlər. Şorların dünyagörüşünə görə, dünya 3 sferaya, Ulgen torpağına( Ulgen çep), bizim torpağa və pis ruhlar torpağına (və ya yeraltı) bölünüb. Ulgen 9 göydə ağalıq edir. 7-ci göydə ay və ulduzlar, 8-ci göydə günəş var. 9-cu göydə isə Ulgen özü yaşayır. Şorların mifik təsəvvürlərinə görə, dünya və Yer kürəsi və burada yaşayan insanlar Ulgen və onun qardaşı Erlik tərəfindən yaradılıb.

Rusların bölgəni işğal etməsindən sonra pravoslav keşişlər Şor türkləri arasında xristianlığı yaymağa başladılar. Bu məqsədlə o dövrdə bəzi yerlərdə kütləvi şəkildə zorla xristianlığı qəbul edən və şorlarla, demək olar ki, eyni dildə danışan tatar keşişlərdən istifadə edirdilər. Nəticədə Şor türklərinin böyük hissəsi xristianlığı qəbul edərək, rus ad və soyadlarına keçdilər. Ancaq günümüzdə belə onlar arasında şamanizm müxtəlif formalarda qalmaqda, onların adət və ənənələrində yaşamaqdadır.

Folklor

Şorlarda folklor da inkişaf edib. Folklorun əsasını qəhrəmanlıq poemaları (kay), nağıllar, əfsanələr, tapmacalar, atalar sözləri, zərb məsəllər, toy, sevgi, tərif (mədhiyyələr), tarixi mahnılar təşkil edir. Şorların qəhrəmanlıq poemaları və mahnıları ədəbi-bədii musiqili formada olur. Bu mahnılar və poemalar komus adlanan ikisimli musiqi alətinin sədaları altında ifa olunur. Şor folklorunda ovçuluqla bağlı motivlər də geniş yayılıb.

Yenə də təəssüflər olsun ki, Şor türklərinin assimilyasiyası sürətlə davam etməkdədir və bu isə daha bir türk etnosunun rusların arasında itib getməsi faciəsinə yol açacaq…

YAZAR: "KAFKAZH.COM"DAN FİDAN ABBASLI

MONA ROZA'DAN MONOLOGLAR

Çox gözəl məlumatlar.

16 NİS 2021